INFP şəxsiyyət növü (Mediator) kimi, adətən, hər şeyi dərin hiss edirsiniz – təkcə öz emosiyalarınızı deyil, başqalarının da. O getmək istəmədiyiniz məclis dəvəti? “Yox” desəniz, dostunuzun məyus simasını artıq təsəvvür edə bilirsiniz. İçinizdə saxladığınız o səmimi fikir? Onun sizi yandırdığını hiss edirsiniz, amma narahatlıq yaratmaq qorxusu sizi səssiz qalmağa vadar edir.
Empatiya həm superqüvvənizdir, həm də zəif yeriniz. O sizi başqalarının hisslərinə incə şəkildə kökləyir – bəzən öz ehtiyaclarınızın hesabına. Bəzən “yox” demək istədiyiniz anlarda içdən gələn əlacsız “bəli”lər sizə üstün gəlir və bu ehtiyaclarınızı dərinlərə basdırır. Əgər bu vəziyyət sizə tanış gəlirsə, çox güman ki, tez-tez insanları razı salmaq – yəni başqalarının ehtiyaclarını öz ehtiyaclarınızdan üstün tutmaq – labirintinə düşürsünüz.
Bu məqalədə insanları razı salmaq meyillərinin INFP-lərdə niyə tez-tez baş verdiyini araşdıracağıq. Həmçinin, öz ehtiyaclarınızı arxa plana atmaqdan necə vaz keçə biləcəyinizi və nə üçün bunun bu qədər vacib olduğunu paylaşacağıq.
INFP-lər və insanları razı salmaq haqqında bu məqalə daha geniş bir araşdırmanın bir hissəsidir. Daha ətraflı məlumat üçün “İnsanları razı salmaq və şəxsiyyət: Niyə başqalarının ehtiyaclarını önə çəkirik?” adlı məqaləmizi oxuyun.
INFP şəxsiyyətlərində insanları razı salmaq meyillərinə nəzər
INFP-lərin sosial münasibətlərə gətirdikləri unikal şəxsiyyət xüsusiyyətləri tez-tez onları insanları razı salan davranışlara yönəldir.
Daha əvvəl qeyd olunduğu kimi, dərin empatiya sizin əsasınızda dayanır və bu, sizə başqalarının hisslərini fiziki olaraq hiss etmə imkanı verir. Onların məyusluğu sizin məyusluğunuz olur. Onların sevinci isə dünyanızı işıqlandırır. Bu emosional rezonans, öz ehtiyaclarınıza keçməmiş başqalarının duyğularını qorumağa yönəlik instinktiv bir ehtiyac yaradır.
Elə buna görə də, “İnsanları razı salmaq” sorğumuza əsasən, INFP-lərin 83%-i, başqalarını məyus etməmək qorxusu ilə, əslində istəmədikləri işlərə “bəli” deməyə meyllidir.
Bu meyil, xüsusilə, INFP-lər qarşıdurma ehtimalı ilə üzləşdikdə daha da nəzərəçarpan olur. Münaqişə ehtimalı belə, beyninizdə ən pis ssenariləri canlandırmağa yetir. Təsəvvür etdiyiniz bu mənfi nəticələrin gerçəyə çevrilməsi qorxusu ilə səssiz qalaraq başqalarının istəkləri ilə razılaşan mövqeni seçə bilərsiniz.
Araşdırmamız bu tendensiyanı aydın şəkildə göstərir. INFP-lərin 88%-i – bütün 16 şəxsiyyət növü arasında ən yüksək göstərici – tez-tez başqalarını üzməmək üçün əsl hisslərini gizlətdiklərini bildirir.
Bu statistika göstərir ki, INFP-lər instinktiv olaraq başqalarının emosional rahatlığını öz daxili ifadələrindən üstün tutur. Bəlkə də əsl fikirlərinizi və hisslərinizi içəridə saxlamaq sizə daha rahat gəlir. Ancaq bu səssizlik nəyin bahasına başa gəlir?
Bütün INFP-lər insanları razı salmaqla çarpışsalar da, Təlatümlü INFP-lər (INFP-T) bu davranışdan qurtulmaqda xüsusilə çətinlik çəkirlər. Məlumatlarımız bu fərqi açıq göstərir: Təlatümlü INFP-lərin 88%-i başqalarının onlar haqqında nə düşündüyü barədə çox narahat olduqlarını bildirir. Halbuki bu göstərici Qətiyyətli INFP-lər (INFP-A) arasında cəmi 33%-dir. Bu ciddi fərq izah edir ki, Təlatümlü INFP-lər nədən daha çox hallarda başqalarının ehtiyaclarını önə çəkirlər.
Təlatümlü INFP-lərdə tənqidə məruz qalmaq qorxusu ilə təbii empatiya bir araya gəlir və bu, insanları razı salmaq davranışlarının fırtınasını yaradır. Güclü özündən şübhə onları harmoniya xatirinə öz ehtiyaclarından vaz keçməyə vadar edir, özünütənqidə meylləri isə münasibətlər gərginləşdikdə daha çox vicdan əzabı və günahkarlıq hiss etmələrinə səbəb olur. Buna görə də insanlar üçün sərhədlər çəkmək bu qrup üçün xüsusilə çətin ola bilər – çünki onların hər cəhdində itirmə qorxusu hakim olur.
İnsanları razı salmaq vərdişindən necə imtina etməli
Bəzən başqalarını önə çəkmək gözəl bir paylaşım və dəstək anı yarada bilər. Amma bu davranış sizin avtomatik reaksiyanıza çevriləndə, önəmli bir şey ikinci plana keçir: rifahınız.
Daima başqalarını razı salmaq tükənmişliyə, zədələnmiş münasibətlərə və zəif özünüqavramaya səbəb ola bilər. Bir baxarsınız ki, dostluqlarda iştirak edirsiniz, amma içdən görülmürsünüz, enerjinizi tükəndirən şeylərə razılaşırsınız və münasibətləriniz başqalarının arzuları əsasında qurulub – qarşılıqlı anlaşma və hörmət deyil.
Artıq insanları razı salmaq yükündən azad olmaq istəyirsiniz? Gəlin, INFP şəxsiyyət növü olaraq öz ehtiyaclarınızı geridə qoymaqdan necə vaz keçə biləcəyinizə dair üç strategiyanı nəzərdən keçirək.
Strategiya #1: Qərar üçün zaman ayırın
INFP şəxsiyyətləri təbii olaraq düşüncəli və introspektivdir, amma siz bəzən istəklərə cavab vermədən öncə qərarınızı tam analiz etməyə macal tapa bilmirsiniz. Bəs bu avtomatik “bəli” reaksiyasını dayandırmaq mümkün olsaydı? Öz səsinizi eşitmək üçün bu prosesi bir az ləngidə bilsəydiniz?
İnsanları razı salmaq vərdişlərini azaltmaq üçün tələsmədən cavab verməyi öyrənin. Kimsə sizdən bir xahiş etdikdə, bu cür cavablardan birini verə bilərsiniz:
- “Enerji səviyyəmi yoxlayıb sabah sizə xəbər verim.”
- “Məni düşündüyünüz üçün təşəkkür edirəm! Bir az düşünüb cavab verəcəyəm.”
- “Sizə [müəyyən vaxt] kimi xəbər verə bilərəmmi?”
Bu əlavə vaxt sizə istək üzərində düşünmək, ümumi enerji səviyyənizi qiymətləndirmək və nə qədər vaxt ayıra biləcəyinizi müəyyənləşdirmək imkanı verir.
Əksər insanlar qərar vermək üçün zaman istəməyinizi anlayışla qarşılayacaq. Hətta bu düşünülmüş yanaşmanız bəlkə də səthi bir “bəli” və sonra imtina etməyinizdən daha çox dəyərləndiriləcək.
Əgər kimsə sizin bu ehtiyacınıza mənfi reaksiya verərsə? Bu cavaba diqqət edin. Əgər biri sadəcə düşünmək istəyinizi belə qəbul etmirsə, həmin şəxs sizin yaxşılığınızı düşünmür ola bilər. Sağlam münasibətlər hər iki tərəfin ehtiyaclarına yer verir.
Strategiya #2: Yazaraq aydınlığa qovuşun
Daxili hisslərinizi analiz etmək üçün zaman yaratdıqdan sonra rast gəlinən növbəti çətinlik onları düzgün sözlərlə ifadə etmək olur.
Səsləndirməkdə çətinlik çəkdiyiniz, qarışıq fikirlər və emosiyalar? INFP şəxsiyyəti olaraq sizə yazmaqla daha rahat ifadə oluna bilər. Sərhədləriniz və ehtiyaclarınız barədə vacib söhbətlər etməzdən öncə, düşüncələrinizi əvvəl kağıza tökməyə çalışın.
Gündəlik dəftərinizi və ya qeydlər tətbiqinizi açın və fikirlərinizi sərbəst yazın. Məsələn, “yox” deməyin niyə çətin olduğunu, əslində nə demək istədiyinizi və ehtiyaclarınızı həm nəzakətli, həm qəti şəkildə necə ifadə edə biləcəyinizi yazın. Bu sadə yazı prosesi sizin qeyri-müəyyən hisslərinizi aydın fikirlərə çevirə və sonradan onları səsləndirmə işini asanlaşdıra bilər.
Strategiya #3: Təsəvvür gücünüzdən istifadə edin
Sərhəd çəkmək və ya ehtiyac ifadə etmək zamanı beyninizdə hər cür mənfi nəticəni təsəvvür etməyə meyllisiniz – küsən insanlar, pozulan əlaqələr, çətin söhbətlər... Amma necə olardı, əgər INFP-lər kimi siz də güclü təxəyyülünüzü bu dəfə sizə kömək etmək üçün işlədə bilsəydiniz?
Ən pis hadisələri düşünmək əvəzinə, bu perspektiv dəyişikliklərini sınayın:
- Sevimli bir dostunuz bu vəziyyətdə olsaydı, ona nə məsləhət verərdiniz?
- Hər iki tərəfin eşidildiyi və başa düşüldüyü bir müsbət dialoqu gözünüzdə canlandırın.
- Dürüst olduğunuz bir vaxtda münasibətin necə gücləndiyini xatırlayın və bu hisslə yola davam edin.
Güclü təsəvvürünüz inamınızı artırmaq üçün müttəfiqiniz ola bilər, qorxularınıza yanacaq olmaq əvəzinə. O sizə irəliyə doğru yolu göstərə bilər, əngəllər yaratmaq yerinə.
Yuxarıda sadalanan strategiyaları sınayarkən kiçik addımlarla başlayın və getdikcə daha çətin halları həll etməyə çalışın. Hər dəfə öz ehtiyaclarınıza hörmət etdikcə, doğru istiqamətdə irəliləmiş olacaqsınız.
Son sözlər
Unutmayın: insanları razı salmaq meylinizdən qurtulmaq, mərhəmətli təbiətinizi itirmək demək deyil. Bu, həm qayğı, həm də orijinallığın yan-yana var olması üçün yer açmaq deməkdir. Siz həm empatiyanızı, həm də sərhədlərinizi şərəflə qurduqca daha dərin və səmimi münasibətlərin yolu açılır – hansı ki, INFP qəlbinizin əslində axtardığı da elə budur.
Əlavə oxu üçün
- Fərqli şəxsiyyət növlərinin insanları razı salmaq davranışlarını necə dəf edə biləcəyini əhatə edən məqalələr seriyamızı oxuyun.
- INFP olaraq özünüzü bağışlamaq: Özünütənqiddən özünə şəfqətə doğru
- Mediator-lar (INFP) və özündüşüncə: Daxildə harmoniya tapmaq
- INFP şəxsiyyətləri və tənhalığın üç ölçüsü
- Özünüz haqda daha dərindən öyrənmək istəyirsiniz? Premium Hesabatınızı əldə edin, INFP şəxsiyyətinizə təsir edən 12 əlavə xüsusiyyəti kəşf edin və həm özünüzü, həm də başqaları ilə münasibətinizi daha yaxşı anlayın.